“Yarımfinal olsa mən sizi təbrik edəcəm”

 09:09 23.02.2024     406

Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqası pley-off mərhələsinin cavab görüşündə “Braqa”nı 3:2 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm, bizim möhtəşəm azarkeşlərə də, həmçinin. Bir şeyi qeyd etmək istəyirəm. Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Bu birlik haradan yaranıb? Xalqımızı çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki, həmişə sevinsinlər. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı daim çıxışlarında deyir. Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına prezident seçildi... İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbr etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm.

- Hesab 0:2 olanda nə düşünürdüz? Portuqaliyada Nəriman Axundzadə epizodu qaçırmışdı. Demişdiz ki, həmin qolu vursaydı, tez böyüməyəcəkdi. Sizcə, bir həftəyə böyüdü?

- Bəli, çox böyüdü və çox böyüyəcək. İnsan məsuliyyətlidirsə, onun böyümək şansı da böyükdür. Nərimanın oradakı epizoddan sonra durumunu görmüşdüm. Ağlayırdı. Hamımız ona təsəlli verirdik. Məşqlərdə də daim çalışırdı. Bazadan kənara çıxmırdı. Bu gün Allah ona əvəzini verdi. 0:2-dən sonra düşünəcək bir şey yox idi. Belə matçlarda nə rəqibə, nə də özümüzə istəmirəm ki, qırmızı vərəqə olsun. Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vermək nə dərəcədə düzgündür? Hamını nəzərə almaq lazımdır. Bütün futbolçular qalib gəlmək istəyir, aqressivlik olur. Birdən-birə komandanı ruhdan salmaq təsir etdi. Amma bunların hamısının faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu.

- Azərbaycan futbolunda ilklərə imza atdınız. Hədəfləriniz böyüyəcək?

- Onsuz da biz ümidlə yaşayırıq, çalışırıq. Qarşımıza məqsəd qoymuruqsa, nə dəyərimiz olar, nə də nəticəmiz. Bu cür qələbə futbolumuz üçün böyük uğurdur. İstənilən turnirdə şansımız varsa, maksimum istifadə edəcəyik. Həmişə demişəm, uduza bilərik, hansısa turnirdə istədiyimizi etməyə bilərik, amma rəhbərlik başda olmaqla, bu klubda məsuliyyətsiz insan yoxdur. Olursa da, tez bir zamanda bu düşərgəni tərk edir. Bir şeyi bilin ki, məsuliyyətlə çalışırıq, Azərbaycanı, "Qarabağ"ı düşünürük.

- Arzuladığınız rəqib var?

- Yox. Sabah biləcəyik.

- Oyunun dönüş nöqtəsi hansı epizod idi?

- Dönüş nöqtələrini saymaq olar. Məncə, əzmkarlıq və xarakter. 0:2-dən sonra istəyirdim 90 dəqiqə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa-olsun, məğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu. Qələbə də onunla bitdi.

- Bu gün rəqib üstün oynadı. Əlavə dəqiqələrdəki qollar və Nərimanın xilaskarlığı... Bu ssenari haqda nə deyərdiz?

- Rəqib 90 dəqiqədə qalib gəldi. Amma hər şey 10 nəfərlə qaldıqdan sonra başladı. Buna qədər oyun tam istədiyimiz kimi idi, üstünlük bizdə idi. Nərimana gəlincə, dünya futbolunda belə hallar olub. Hansısa oyunçu penaltini qaçırıb, ya penalti edib, sonda qələbə qolunu vurub. Futbol bu cür hallara görə çox sevilir. Hamımız səbrli olmalıyıq. Futbol elə oyundur ki, düşünmədiyimiz anlar, epizodlar olur. Sona kimi inanmaq və güvənmək lazımdır.

- Sizə elə gəlmir ki, millidəki vəziyyəti dəyişmək vaxtıdır?

- İnşallah yaxşı olar. Allah xeyirlisini nəsib etsin.

- İlklər həmişə yaddaqalan olur. İlk çempionluq və ilk dəfə ÇL-ə düşəndə sevinc gözyaşlarınızı saxlaya bilməmişdiz. Növbəti gözyaşlarınızı görmək üçün "Qarabağ" hansı uğura imza atmalıdır?

- Nə bilim (gülür). Baxarıq da.

- Oyundan əvvəl azarkeşlər Allahverdi Bağırovla sizin plakatanızı asmışdılar. Həmin anda hansı hissləri keçirdiz?

- Birbaşa deyim ki, çox duyğulandım. Sonda da kənara baxdım. Çünki Allahverdi Bağırov əvəzolunmaz biri idi.

- Nəriman Axundzadə vurduğu qolla qırmızı vərəqə almış Elvin Cəfərquliyev və penaltiyə səbəb olan Bəhlul Mustafazadəyə yönələcək ictimai qınağın qarşısını almış oldu?

- Elvinə bilirsiz nə dedim? Qucaqladım və dedim ki, oğulsan. Uduza bilərik, amma bu komandaya qarşı belə ürəklə oynamaq... Əgər futbolçum "Braqa"nın oyunçusundan çəkinmirsə, 50-60 metr irəli qaçırsa, geri qayıtmaqdan qorxmayıb, hücuma gedirsə, buna ürək lazımdır. Onların əziyyətinə, məsuliyyətinə və döyüşkənliyinə görə, həmin epizodlar üçün onları qınamaq düzgün olmaz. Bu gün meydanda bərk futbolçularım var idi. Bir gün Nəriman vurur, başqasının səhvini sığortalayır, başqa gün digəri vurur, Nərimanın səhvini sığortalayır. Dünyada futbolu analiz etməyən biri yoxdur. Bu da futbolun sevilməsinə gətirib çıxarır. Deyim ki, Nəriman hansısa təzyiqi götürdü... Nərimanın qolu xalqımıza sevinc bəxş etdi.

- Futbolçulara oyunun gedişində nələr dediz?

- Təcrübəmiz var. Tək bu günün işi deyil. Şanlı zəfərimizdən sonra futbolçulardan daim ürəkli olmağı, heç kimdən çəkinməməyi tələb edirəm. Buna səbəb var, bayaq dedim. Biz heç kimdən qorxmalı deyilik, qalib xalqın övladları və komandasıyıq. Hər oyundan əvvəl bu fikirləri futbolçularıma çatdırıram. Bu cür azarkeş qarşısında oynayanda, heç bəzən mənim motivasiyama ehtiyac olmur. Meydana çıxanda, sona qədər vuruşmağa, ürək qoymağa hazır idilər.

- Mətbuat konfransına daxil olanda sizi hamı alqışladı. Yarımfinal və finala çıxsanız, necə təbrik edəcəyik sizi? "Qarabağ"a qarşı "İnter"lə oyunda edilmiş haqsızlıqdan sonra "Dnepr" finala qədər çıxmışdı. Sizcə, bu mövsüm ədalət bərqərar olar?

- Təki, yarımfinal, final olsun, mən sizi təbrik edərəm. Sizin hər birinizə böyük dəyər verirəm. Çox istəyərəm ki, bu cür qələbələr haqda daha geniş yazılarınız olsun. Hardasa, nəyisə itiririksə, ondan əl çəkməyib, düzgün yanaşırıqsa, onun qarşılığı nə vaxtsa olmalıdır. Sadəcə öz işimizlə məşğul olmalıyıq. Nəticələr gələcək.

- "Qarabağ"dakı oyunçulara maraqlar çoxalacaq...Onları saxlamaq çətin olmayacaq?

- Təki olsun. Klub olaraq böyüməliyik. Belə şeylər olmasa, Avropa transfer bazarından uzaq olsaq, yerimizdə sayacağıq. Onlar olarsa, həvəsli olacağıq, hansısa oyunçunu satıb, transfer edə biləcəyik. Təbii ki, istəyərdim bu kollektiv qalsın. Amma bəzən bizdən asılı olmayan səbəblər var. Elə hallar olsa, demək işimiz çoxalacaq.

- Ölkə xaricində işləməklə bağlı təklifləriniz olub, amma "Qarabağ"da qalmısız. Diqqəti öz üzərinizə də çəkirsiz. Çox istəyərdim ki, siz AFFA prezidenti olasız. Ölkə xaricindən hansısa təklif gəlsə, gedəcəksiz?

- Nə deyim? Yaxşı olar, Allah xeyirlisini nəsib etsin (gülür). Mən ölkənin kiçik vətəndaşıyam. Çox məsuliyyətlə öz vətənimə, xalqıma xidmət etməyi daim düşünmüşəm. Bu gün də bundan həzz alıram ki, belə məsuliyyətin altındayıq. Yavaş-yavaş, pillə-pillə irəliləyirik. Əziyyətimizin bəhrəsini Allah verir. Digər dediklərinizə gəldikdə, vəzifələr.... Allah xeyirlisini nəsib etsin.

- "Qarabağ"ın tarixindən yazılacaq kitabın adı necə yazılmalıdır?

- Suala hazır deyiləm. Azdan-çoxdan tanıyırsız məni, çox da öz uğurumuz haqda danışmağı, böyütməyi istəmirəm. Bu, məndən asılı və mənə aid olan məsələ deyil.

- Portuqaliyadakı oyundan sonra futbolçularınızı başınıza yığıb nəsə demişdiz. Bildirdiz ki, Bakıda açıqlayacam. Braqadakı matçdan sonra meydanda onlara nə demişdiniz?

- İşimizlə bağlı danışıq idi. Portuqaliya klubuna 4 qol vurmuşuqsa, ola bilər futbolçularımıza rahatlıq gələrdi. Yəni, səfərdə vurmuşuqsa, Bakıda 100 faiz qalib gələcəyik. Bir tərəfdən yaxşı səbəbdir, digər tərəfdən mane olardı. Kiçik dialoqumuz oldu ki, heç nə etməmişik və Bakıda daha çox güc sərf etməli olacağıq. Müsahibələrimizdə diqqətli olmalı olduğumuzu demişdim.

- Üç il əvvəl oyunlara ehtiyatla yanaşırdız. Amma vətən müharibəsindən sonra deyirdiz ki, qalib ölkənin komandası kimi meydana çıxırıq. Xankəndidə ilk oyununuzu keçirdiz. Avrokuboklar matçını Xankəndidə keçirmək istəyərdiz?

- Xankəndidəki anlar, o gün... Əvəzolunmaz gün idi. İnanın ki, cənab prezident topa ilk zərbəni vurunca, əllərini bu cür qoyub dayananda onunla qürur duydum, ləzzət aldım. Futbolçularımın rəqibdən çəkinməməsi... Oyunçularımız müharibə zamanı hadisələrlə çox maraqlanıblar, onlara igidlərimiz haqda məlumatlar verilib. Qələbəni də başda cənab prezident olmaqla, xalqımıza həsr edirik.

- Elçin Rəhmanov kimi köməkçiniz var. Baş hakim onu qovanda yoxluğunu necə hiss etdiniz?

- Bu komandada Elçinin rolu danılmazdır. Mənim ən çox güvəndiyim, işimizi ən çox müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli fikirləri var. Hansı ki, komandaya fayda verir. Bəzi dəqiqələrdə çevrilirdim ki, nəsə deyim, görürdüm Elçin yoxdur. Daha sonra uyğunlaşdım. O da bir zərbə idi. Amma komanda bacardı. Qarşıdakı oyunda yanımda olmayacaq. Amma yenə də ünsiyyətdə olacağıq.