Məşhur futbolçu AFFA-dan FİFA-ya şikayət etdi

 16:41 28.02.2024     259

Uzun müddətdir Tural Bayramlı ilə “Səbail” arasında davam edən problem yeni fazaya daxil olub.

Redaktor.az sportinfo-ya istinadən xəbər verir ki, AFFA Apellyasiya Arbitraj Tribunalı futbolçunun xeyrinə müsbət qərar çıxarsa da, o, hələ də sabiq komandasından 70 min manat miqdarında kompensasiyanı ala bilməyib.

Bir sözlə, məsələ hələ də ədalətli həllini tapmayıb.Son məlumata görə Tural Bayramlı yaranmış vəziyyətlə bağlı artıq AFFA və “Səbail”dən FİFA-ya şikayət edib.

Bununla bağlı dünya futbol qurumuna rəsmi müraciət ünvanlanıb. FİFA-dan isə ona bildirilib ki, şikayət məktubu nəzarətə götürülüb.

Ötən dekarın 27-də Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib. İlin son iclasında qəbul olunmuş qərarlardan biri də "Səbail"lə bağlı olub.

Futbolçu Tural Bayramlının "Səbail"ə qarşı kompensasiya tələbi yerinə yetirilib. Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı isə ləğv olunub.

Nəticədə "Səbail"in Bayramlıya 70.min manat ödəməsi haqda əmr çıxarılıb:

1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. “İddiaçı Tural Bayramlının cavabdeh "Səbail" Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.

3. Cavabdeh "Səbail" Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.

4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin

6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.