“Zirə” - “Turan Tovuz” matçında 2 qol vuruldu

 18:19 02.03.2024     220

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, mövsümün ikinci yarısında uğursuz çıxış edən “Zirə” növbəti dəfə büdrəyib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv öz meydançasında “Turan Tovuz”la heç-heçə edib. Qonaq komanda erkən qolla hesabı açıb. 11-ci dəqiqədə Belajdi Pusi fərqlənib. Bu azmış kimi, bakılılar fasilə ərəfəsində meydançada azlıqda qalıblar. 43-cü dəqiqədə rəqibini qapıçı ilə təkbətək qalmaq hüququndan kobudluqla məhrum edən İssa Cibrila birbaşa qırmızı vərəqə alıb.

“Zirə” 10 nəfərlə çıxış etməsinə baxmayaraq, 62-ci dəqiqədə “status-kvo”nu bərpa edib. Təyin olunan penaltini Ceyhun Nuriyev dəqiq yerinə yetirib. Tovuzluların qalan dəqiqələrdəki cəhdlərinə baxmayaraq, qələbə qolunu vurmaq mümkün olmayıb.

Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra “Zirə” xallarının sayını 36-ya, “Turan Tovuz” isə 32-yə çatdırıb.

Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Bu gün “Sabah”la “Araz-Naxçıvan” üz-üzə gələcək. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq (report).