“Real”ın oyununda qalmaqal

 10:01 03.03.2024     307

La Liqanın 27-ci turunun “Valensiya” - “Real” oyununda (2:2) qalmaqal baş verib.

Redaktor.az xəbər verir ki, buna baş hakim Xesus Xil Mansanonun verdiyi qalmaqallı qərar səbəb olub. O, 90+9-cu dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl - top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib.

Bundan sonra “Real”ln futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib.

Qərarı şərh edən “Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib: “Nə deyim? Deyiləcək çox şey yoxdur. Görünməmiş bir şey baş verdi. Biz topa sahib idik. Düşünürəm ki, top artıq “Valensiya”da olanda matç başa çatmalı idi”.

“Real” klubu isə sosial şəbəkəsində yazıb: "Hakimin görünməmiş qərarı “Real” Madridin “Mestalye”də qalib gəlməsinə mane oldu".

Hadisəyə “Valensiya”nın baş məşqçisi  Ruben Baraxa da münasibətini açıqlayıb. Oyundan sonra keçirilən mətbuat konfransında Baraxa deyib: “Mən bunu aydın gördüm. Top künc istiqamətinə gedəndə hakim bunun son hərəkət olduğunu söylədi. Biz topa vuranda hakimin fit çaldığını gördüm. O, oyunun bitdiyini düşünürdü. “Real”ın buna etiraz etməsi başadüşüləndir. Amma mən bu barədə əlavə şərh vermək istəmirəm”.

Qeyd edək ki, hazırda “Real” 27 oyundan 66 xalla La Liqada liderdir. İkinci yerdə qərarlaşan “Jirona”nın 26 oyundan 59 xalı var.