Braziliyalı futbolçu "Turan Tovuz"a qələbə qazandırdı
Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.
Redaktor.az-ın məlumatına görə, daha bir oyun keçirilib.
Günün ilk matçı Tovuzda oynanılıb. Yerli "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşmanın taleyini son 15 dəqiqədə vurulan qollar həll edib. 78 və 80-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atan braziliyalı hücumçu Aleks Souza "Turan Tovuz"a 2:0 hesablı qələbə qazandırıb.
Bu qalibiyyət sayəsində yeddinci pillədəki tovuzlular xallarının sayını 35-ə çatdırıblar. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci yerdə qalıb.
Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni evdə (2:1) minimal fərqlə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Qarabağ" - "Zirə" görüşü ilə yekun vurulacaq.