"Ölkədə gücümüzü saxlamalıyıq" - Qurban Qurbanov

 22:24 29.03.2024     265

“Belə matçlar futbolçuları daha peşəkar edir”.

Redaktor.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis Gəncə təmsilçisinə və rəqibin baş məşqçi Adil Şükürova uğurlar arzulayıb: “Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. Şadam ki, komandamla çempion olduq”.

Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb: “İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.

Q.Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb: “İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.

Baş məşqçi çempion heyəti qoruyub saxlamağın çətin olduğunu diqqətə çatdırıb: “Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma əlimizdən gələni edəcəyik”.