Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu oldu

 09:54 30.03.2024     273

Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Redaktor.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bütün titulları “Qarabağ”ın “sükanı arxasında" qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.

O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Azərbaycan Premyer Liqasının XXVIII turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə edilib.

Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007. Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıblar.

Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko Hacıyevski 2008/2009, Kaxaber Sxadadze 2009/2010, Arif Əsədov 2010/2011 və Samir Abasov 2020/2021 mövsümündə buna nail olublar.