Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
Azərbaycanın daha 3 boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində mərhələ adlayıb.
Redaktor.az xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan millinin 3 üzvü ilk görüşlərini qələbə ilə başa vurublar.
48 kq-da Bilalhəbaşi Nəzərov Eris Sədullahla (Türkiyə) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb - 5:0 (30:27, 30:26, 30:26, 30:26, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Skot Tompsonla qarşılaşacaq. Döyüş aprelin 11-də olacaq.
Onun uğurunu Ömər Aslanlı (54 kq) da təkrarlayıb. Yığma üzvü Aleksey Sarıoğlunu (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Aslanlı aprelin 9-da 1/8 finalda fransalı Cemmal Mohamedlə üz-üzə gələcək.
İbrahim Zeynalov (63,5 kq) da ilk qarşılaşmasından qalib ayrılıb. Təmsilçimiz Sandro Spiçadan (Fransa) güclü olub. Rəqibini 5:2 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Emmanul Fotiadislə (Yunanıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş aprelin 9-na təsadüf edəcək.
Qeyd edək ki, yarışın ilk günündə Məhəmmədəli Qasımzadə (60 kq) də 1/8 finala vəsiqə qazanıb.