“Həm “Neftçi”yə, həm də oğluma olan sevgim bitməz” – Açdığı plakatla məşhurlaşan ata DANIŞDI
Dünən Misli Premyer Liqasının XXI turunda “Zirə” “Neftçi”ni məğlub etdi – 3:1.
Redaktor.az xəbər verir ki, görüşdən sonra “qartallar”ın üzvü Fuad Bayramovun atasının matç zamanı qaldırdığı “Oğlum Fuad, qol vur, atan sevinsin!” pankartı gündəm olub.
Müdafiəçinin də qarşılaşmada fərqlənməsi sosial media istifadəçilərinin marağına səbəb oldu.
Etibar dayı açdığı pankartla, oğlunun futbolda çəkdiyi əziyyətlərlə bağlı fikirlərini belə ifadə etdi:
“Səkkiz yaşımdan “Neftçi” azarkeşiyəm. 40 ildən çoxdur. Futbola olan həvəsim Fuada da keçib. Oğlumun bu günə gəlib çıxmağında mənim futbola olan sevgimin rolu olub. İstəyirəm ki, hər zaman yanında olum və dəstəkləyim. Harada oynasa, onunla olacam. Plakatın rəmzi mənasında demək istədim ki, həm “Neftçi”yə, həm də Fuada olan sevgim bitməz. Oğlum bilir ki, bu yollarda nə qədər əziyyət çəkmişik. Fuadın bura gəlib çıxmasında çəkdiyi əziyyətləri dünyada ikinci bir futbolçu çəkməyib. Ona görə də bir ata kimi onu dəstəkləyib, motivasiya olmağa çalışmışam. Onun qələbələri, qolları məni sevindirir. Qol vurması da təəssüf ki, “Neftçi”nin oyununa təsadüf etdi. “Neftçi” də mənim 40 ildir aşiq olduğum, sevdiyim klubdur. İnşallah, oğlumun qollarının ardı gələr. Hər iki komandaya sevgim, simpatiyam var. Oğluma görə oyun günü dedim ki, güclü olan qalib gəlsin”. // Offsideplus.az