"Barselona" "Real Madrid"lə oyunun təkrarlanmasını tələb edə bilər
"Barselona" İspaniya La Liqasının XXXII turunda "Real Madrid"ə 2:3 hesabı ilə uduzduqları oyunun yenidən keçirilməsini tələb edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta İspaniya mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, komandanın yarımmüdafiəçisi Lamin Yamalın zərbəsindən sonra topun qapı xəttini keçməsi təsdiqini taparsa, klub bu istiqamətdə lazımi addımlar atacaq: “Bütün görüntüləri bizə təqdim etməsi üçün dərhal Hakimlərin Texniki Komitəsi və İspaniya Futbol Federasiyası ilə əlaqə saxlayacağıq. Zərbə qolla nəticələnibsə, matçın yenidən oynanılmasını tələb edəcəyik. Belə hal Avropa liqalarının birində VAR sisteminin səhvindən sonra da baş verib”.
Qeyd edək ki, Lamin Yamal künc nöqtəsindən ötürülən topu ayağı ilə qapıya göndərib. “Barselona” futbolçuları topun qapı xəttini keçdiyini iddia etsələr də, baş hakim Sesar Soto Qrado VAR-a baxdıqdan sonra da qərarını dəyişməyib və qolu qeydə almayıb.
“El Klasiko”dakı qələbədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" liderliyini möhkəmlədib. Hazırda “kral klubu” 2-ci pillədəki “Barselona”nı 11 xal qabaqlayır.