"Liverpul"da Kloppun sürpriz əvəzedicisi müəyyənləşdi

 23:23 23.04.2024     273

Niderlandın "Feyenoord" klubunun rəhbəri Arne Slot İngiltərə "Liverpul"unun baş məşqçisi postunda Yurgen Kloppu əvəz edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Slot bu posta əsas namizəddir, lakin “Liverpul” hələ ki mütəxəssislə danışıqlara başlamayıb.

Slot 2021-ci ildən "Feyenoord"u çalışdırır. O və komanda ötən mövsüm Niderland çempionu olub. Ölkə kubokunu da qazanıb. 2022-ci ildə onun rəhbərliyi altında "Feyenoord" Konfrans Liqasının finalına yüksəlib və burada İtaliya "Roma"sına uduzub.

Alman mütəxəssis Klopp 2015-ci ilin payızından İngiltərənin "Liverpul"unda çalışır. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası (APL), Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O, cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

“Uzun müddətdir normal həyat sürməmişəm. Normal həyat sürmək üçün çox qocalana qədər gözləmək istəmirəm. Bunun necə olduğunu və darıxmayacağımı başa düşmək üçün heç olmasa cəhd etməliyəm” – Klopp qərarını izah edib.

Turan İSMAYIL