Matç zamanı siqaret çəkən AFFA nümayəndəsi ilə bağlı AÇIQLAMA

 16:53 29.04.2024     259

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatının 32-ci turunda keçirilən “Qəbələ” – “Kəpəz” (0:1) matçınını gedişi zamanı stadionun tunelində siqaret çəkən AFFA nümayəndəsi Yavər Rəhimovla bağlı məsələyə aydınlıq gətirib.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, Y.Rəhimova bununla bağlı iradlar çatdırılıb. 

Ona müvafiq tədbirlər görüləcəyi ilə bağlı məlumat verilib: 

“AFFA nümayəndələrinə davamlı olaraq bu barədə təlimatlar verildiyindən və mütəmadi təkrarlandığından bizim üçün də gözlənilməz oldu. Hər bir stadionda siqaret çəkilməsi üçün icazə verilən məkanlar var. AFFA nümayəndəsi təəssüf ki, burada səhvə yol verib. Bunlar bir daha nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcəyi barədə Yavər bəyin özünə də məlumat verilib.

Bununla yanaşı AFFA nümayəndəsinin azarkeşlərlə polemikaya girməsi də yanlış addımdır. Azarkeşlər tərəfindən təhqir olduğu zaman belə birbaşa ünsiyyət səhvdir. Bu problem mühafizə xidmətinə, klubun nümayəndələrinə bildirilməlidir. Klub nümayəndələri belə xəbərdarlıq aldığı zaman hətta diktora da müraciət edə və birbaşa stadiona müraciət ünvanlaya bilər. Əgər yenə də həll olunmazsa, hesabatda qeyd olunur. İntizam Komitəsi də buna uyğun addım atır. Sadəcə özünün bildirdiyinə görə ünvanına təhqir eşitdiyinə görə emosional davranıb”.