Azərbaycanın məşhur klubu bütün legionerlərini göndərir
Premyer Liqanı son sırada bitirəcəyi dəqiqləşən «Qəbələ» danışıqlara başlayıb.
Redaktor.az xəbər verir ki, klub rəhbərliyi hazırda düşərgədə qalan legionerlərdən canını qurtarmağı qarşısına məqsəd qoyub.
Ötən həftələrdə Gilad Abramov və Abu-Akal Ferasla yolları ayıran «qırmızı-qaralar» indi də digər əcnəbilərlə vidalaşmağa hazırlaşır.
Əlbəttə, bilirlər - bu, heç də asan olmayacaq. Çünki ötən ilin yayında kollektivə cəlb edilən əksər əcnəbilərin müqaviləsi 2 illikdir.
Həmin vaxt baş menecer vəzifəsini tutan Nail Kərimovun təşəbbüsü ilə onlarla imzalanan kontraktlar bu gün klubun işlərinə ciddi əncəllər yaratmaqdadır.
Kərimovun apardığı yanlış transfer siyasəti «Qəbələ» üzərində ciddi maliyyə yükü yaradır.
İş ondadır ki, komanda elitanı tərk eləsə də, onlarla razılaşma qüvvədədir. Gələn mövsümə I Liqada başlasalar, bu oyunçuların müqavilə öhdəliklərinə riayət etməyə məcburdurlar.