Şahmat üzrə Abşeron birinciliyində onlar qalib oldu - FOTO

 22:09 06.05.2024     377

01-03 may 2024-cü il tarixlərində Xırdalan Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Abşeron birinciliyi keçirilib.

Redaktor.az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən birincilikdə 90 şahmatçı 3 kateqoriya üzrə mübarizə aparıb. Fide arbiteri Ruhəngiz Divirovanın rəhbərliyi və hakimliyi ilə baş tutan birincilikdə Abşeron rayonu ilə yanaşı, ölkənin digər şəhər və rayonlarından olan azyaşlı idmançılar da güclərini sınayıblar.

Mayın 3-də keçirilən qaliblərin mükafatlandırma mərasimində Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Əsədov, Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Kamran Quliyev, valideynlər adından isə AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə çıxış edərək ölkəmizdə şahmatın inkişafına göstərilən dövlət qayğısından, uşaq və gənclər arasında bu idman növünün təşviqinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanda şahmat idman növü özünün yüksəliş mərhələsinə XX əsrin 70-ci illərində məhz ümummilli lider Heydər Əliyevin ilk hakimiyyəti dövründə qədəm qoyub.  Bu baxımdan yarışın məhz Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə həsr edilməsi xüsusi əhəmiyyət daşıyır. Natiqlər həmçinin müstəqillik dövründə ölkəmizdə şahmatın inkişafı ilə əlaqədar görülən işlərdən, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğısından bəhs ediblər. Xırdalan şahmat məktəbinin yenidən yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyətini bərpa etməsinin mühüm hadisə olduğunu vurğulayıblar.

Yarışların təşkilatçısı Ruhəngiz Divirova Abşeron rayonunda azyaşlı və gənc şahmatçıların yetişdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sonra yarışın qalibləri mükafatlandırılıb. A kateqoriyalı şahmatçıların yarışında qızlar arasında I yerə Qumru Rzayeva layiq görülüb. Həmin kateqoriyada qızlar və oğlanların ümumi yarışında isə Həcər Əmirova I, Mütəllib İmamzadə II, Hüseyn Cavadzadə III olub.

Azyaşlı şahmatçıların yarışdığı B kateqoriyasında qızlar arasında I yeri 5 yaşlı şahmatçı və yarışın ən azyaşlı iştirakçılarından biri olan Fərəh Kəlbizadə, II yeri Məryəm Zuqanova, III yeri isə Arzu Süleymanova tutub. Həmin kateqoriyada ümumi yarışda isə Nizami Novruzov I, Səma Süleymanova II, Əli Cəfərli III olub.

Digər qrupda isə idmançılar 3-cü dərəcə uğrunda mübarizə aparıblar. Bu qrupda Cahangir Əlizadə I, Özəl Abdullayev II, İqbal Əsgərli III olub. Qızlar arasında yarışda isə Aysu Qədirli birinci yerə çıxıb.

Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim edilib.

222222