Qurban Qurbanovun oğlu Avropanın başqa klublarına keçə bilər

 17:15 08.05.2024     268

Musa Qurbanlı hazırkı vəziyyətindən razı deyil. Ehtimal var ki, milli üzvü icarə əsasında Avropanın başqa klublarına keçsin.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan millisinin və İsveçin “Yurqorden” klubunun hücumçusu Musa Qurbanlının agenti Tural Əsgərov deyib.

Musanın "Yurqorden"in U-21 komandasının heyətində meydana çıxması barədə danışan menecer mövcud vəziyyətin onları qane etmədiyini bildirib: “Biz Musanın “Yurqorden”in əsas komandasında oynamasının tərəfdarıyıq. Lakin onun yaşı U-21 kollektivinə uyğun gəldiyi üçün gənclərdən ibarət klubun heyətində də meydana çıxır. Bu durum bizi tam olaraq razı salmır. Lakin hansısa qərar vermək hələ tezdir. Ən azı "transfer pəncərəsi"nin açılmasını gözləməliyik. Həmin müddətə qədər çempionat oyunları davam edir. Mövsüm başa çatana qədər hadisələrin gedişatına uyğun qərarlar qəbul edəcəyik”.

T.Əsgərov İsveç çempionatında fasilədən sonra Musanın icarə əsasında başqa kluba keçə biləcəyini söyləyib: “Burada tək bizim istəyimiz nəzərə alınmır. O, müqavilə əsasında “Yurqorden” klubunun futbolçusudur. Verilən qərarlar qarşılıqlı razılıq əsasında olmalıdır. İnanmıram ki, İsveç klubu futbolçumuzu komandadan göndərsin. Ehtimal var ki, milli üzvü icarə əsasında Avropanın başqa klublarına keçsin. Bunlar Norveç, Almaniya, Astriya, İsveçrə və ya Belçika komandaları ola bilər. Hazırda bu istiqamətdə işlər gedir. Lakin rəsmi nəsə demək mümkün deyil”.

Qeyd edək ki, M.Qurbanlı cari mövsüm İsveç çempionatında "Yurqorden"in əsas komandasında cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.