“Barselona” 7 illik müqavilə bağladığı futbolçunu satır
“Barselona”nın hücumçusu Vitor Roke yay transfer pəncərəsində klubu tərk edəcək.
Redaktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı forvardla vidalaşmağa hazırdır.
Qeyd olunur ki, “Barselona”nın baş məşqçisi Xavi 19 yaşlı futbolçunun oyununa güvənmir. Artıq klubun məşqçilər korpusu direktorlar şurasına bildiriblər ki, Roke “Barselona” səviyyəsində futbolçu deyil.
Bundan əvvəl isə futbolçunun agenti oyun şansı qazanmayacağı təqdirdə Rokenin Kataloniya klubunu tərk edəcəyini bildirmişdi.
Qeyd edək ki, V. Roke bu ilin yanvar ayında Braziliyanın “Atletiko Paranaense” klubundan böyük ümidlərlə transfer olunmuşdu. "Barselona" ilə 2031-ci ilin yayına qədər sözləşməsi olan hücumçunun transfer qiyməti 40 milyon avro məbləğində dəyərləndirilir. O, bu mövsüm “Barselona”da 13 oyun keçirərək 2 qol vurub.