Dünya çempionu futboldan gedir

 15:46 21.05.2024     305

Almaniya millisinin və İspaniyanın "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Toni Kroos bu yay peşəkar karyerasını başa vuracaq.

Redaktor.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

Futbolçu iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatının onun karyerasında sonuncu turnir olacağını bildirib. İyunun 1-də o, Çempionlar Liqasının finalında Almaniyanın Dortmund “Borussiya”sı ilə Londonda oynayacaq “Real Madrid”in heyətində son oyununu keçirəcək.

"10 il sonra, mövsümün sonunda, "Real Madrid"ə qoşulduğum gün bir futbolçu və bir insan olaraq həyatımı dəyişdirdi. Bu fəsil sona çatır və mən bu inanılmaz uğurlu dövrü heç vaxt unutmayacağam, məni açıq ürəklə qəbul edən və mənə güvənən hər kəsə, həmçinin sizə, əziz madridlilərə, məhəbbətinizə görə təşəkkür edirəm. Bu yay Avropa Çempionatından sonra karyeram başa çatacaq, dediyim kimi, "Real Madrid" mənim son klubum idi və bundan qürur duyuram. Mənim fikrimcə, qərarım üçün doğru vaxtı seçdim və onu özüm də seçə bildim, çünki mənim məqsədim həmişə karyeramı qabiliyyətimin zirvəsində bitirmək idi", - Kroos yazıb.

Qeyd edək ki, Kroosun 34 yaşı var və 2014-cü ilin yayından "Real Madridd"ə oynayır. Bu müddət ərzində futbolçu klubda 463 matçda iştirak edib, 28 qol vurub, 98 məhsuldar ötürmə verib. Komandanın tərkibində Kroos 5 dəfə Klublararası Dünya Çempionatının qalibi olub, 4 dəfə Çempionlar Liqasının, La Liqanın və İspaniya Superkubokunun, 3 dəfə UEFA Superkubokunun və bir dəfə İspaniya kubokunun qalibi olub. Futbolçu karyerası ərzində Almaniyanın “Bayer” və “Bavariya” klublarında da çıxış edib, onlarla birlikdə üç dəfə Almaniya çempionluğunu və Almaniya kubokunu qazanıb, hərəyə bir dəfə Çempionlar Liqası, UEFA Superkubokunu, Almaniya Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Kroos Almaniya millisində 108 oyun keçirib, 17 qol vurub və 21 dəfə komanda yoldaşlarına assistentlik edib. Yarımmüdafiəçi milli komanda ilə birlikdə 2014-cü ildə dünya çempionatının qalibi olub, 2010-cu ildə isə turnirin bürünc mükafatçısı olub. 2021-ci ilin yayında Kroos Almaniya millisindəki çıxışını başa vurduğunu açıqlasa da, üç ildən sonra yenidən milliyə qayıtmaq qərarına gəlib. Mayın 16-da Almaniya millisinin məşqçilər korpusu Kroosu komandanın ev Avropa çempionatı üçün ərizəsinə daxil edib.

Turan İSMAYIL