Məşhur məşqçi Azərbaycan millisini çalışdırmağa göz dikib

 10:22 27.05.2024     494

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinin baş məşqçisi ola biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə "mk.ru"ya müsahibəsində danışıb.

Jurnalistin "Bildiyimizə görə, Azərbaycan futbolunun rəhbərliyi sizə maraq göstərir, bu ölkənin millisinə rəhbərlik etməyi təklif edir. Doğrudurmu" sualına Çerçesov belə cavab verib:

"Bəli, doğrudan da, belə xəbərləri görmüşəm. Amma hələlik məsələ rəsmi danışıqlar səviyyəsinə çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan futbol ölkəsidir. Onun milli komandası ilə ən çətin problemləri həll edə bilərsiniz. Üstəlik, ölkə prezidenti İlham Əliyev təkcə futbolu deyil, bütün peşəkar və kütləvi idmanı dəstəkləyir. Həyat yoldaşı Mehriban Əliyeva da idman layihələrinə, müxtəlif idman növləri üzrə federasiyaların inkişafına böyük diqqət yetirir. Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey deyir. Milli Futbol Federasiyasına bu yaxınlarda Rövşən Nəcəf prezident seçilib. O, düzgün qərar qəbul etmək üçün vaxta ehtiyacı olan iddialı gənc liderdir".

"Azərbaycanda futbolçular və məşqçilər heyəti ilə hamının başa düşdüyü bir dildə danışmaq imkanı var. Həm də Azərbaycan xalqının, millinin futbolçularının mentalitetini, mədəniyyətini dərindən bilmək də yaxşı köməkdir", deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Çerçesov məşqçi karyerası ərzində Rusiyanın "Spartak" (Moskva), "Jemçuşina" (Soçi), "Terek", "Amkar", "Dinamo" (Moskva), Polşanın "Legiya", Macarıstanın "Ferençvaroş" klubları ilə yanaşı, Rusiya millisinə başçılıq edib. O, 2016-2021-ci illərdə Rusiya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 57 oyun keçirib, 25 dəfə qalib gəlib, 11 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub.

60 yaşlı mütəxəssisin son iş yeri 2021-ci ilin dekabrından 2023-cü ilin iyuluna kimi rəhbərlik etdiyi "Ferentsvaroş" olub. "Ferentsvaroş" ilə birlikdə Çerçesov iki dəfə Macarıstan çempionatının, həmçinin Macarıstan Kubokunun qalibi olub.