Renat, Ozobiç və Eddi niyə milliyə çağırılmayıb?
Azərbaycan millisinin məşqçisi Arif Əsədov komandanın üç üzvü - Renat Dadaşov, Filip Ozobiç və Eddi İsrafilovun heyətə cəlb olunmamasının səbəbini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, hər üç oyunçunun zədə səbəbindən heyətdən kənarda qaldığını bildirib:
“Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.