UEFA “Sumqayıt”ın stadionundan narazı qaldı
UEFA nümayəndəsi Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” klubuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna görə iradlar bildirib.
Redaktor.az xəbər verir, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Zaur Xudiyev deyib.
O, UEFA Konfrans Liqasının II mərhələsində keçirəcəkləri oyun öncəsi stadionla bağlı hələ heç nəyin dəqiq olmadığını söyləyib: “UEFA Konfrans Liqasına II mərhələdən başlayacağıq. Düşünürük ki, ilk oyunumuzu öz stadionumuzda keçirə bilərik. UEFA nümayəndəsi arenanı yoxladı və müəyyən iradlar bildirdi. Hansı ki, aradan qaldırılmayacaq çatışmazlıqlar deyil. Biz 4-cü kateqoriya üçün yoxlama istəmişdik. İndiki halda çox xırda, bir neçə toxunuşla avrokuboklardakı ilk oyunumuzu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirə bilərik. Mətbuatda UEFA-nın “Sumqayıt”ın stadionuna qadağa qoyması barədə xəbərlər çıxıb. Bu, doğru deyil. Həmçinin 100 faiz burada oynayacağımız da bilinmir. Lakin müəyyən düzəlişlər etdikdən sonra ilk oyunumuzu keçirə biləcəyik”.
Qeyd edək ki, “Sumqayıt” bu mövsüm 57 xalla dördüncü pilləni tutub. Komanda UEFA Konfrans Liqasına ikinci mərhələdən başlayacaq (report).