“Lunyovun getməsi "Qarabağ"a acı dərs oldu" - Ekspert

 14:10 01.06.2024     378

“Rəhbərlik komanda daxilində ab-havanın pozulmaması üçün Lunyovla yolları ayırmaq qərarına gəlib”.

Bu sözləri Redaktor.az-a açıqlamasında “Qarabağ” klubunun A. Lunyovla yollarını ayırmasına münasibət bildirən idman jurnalisti Emin Abbasov deyib.

“İlk vaxtlar A. Lunyov “Qarabağ”ın səviyyəsinə uyğun biri idi. Hətta ilk oyunlarda bizim çapımızda möhtəşəm performans sərgiləyirdi. Düşünürdük ki, uzun illərdən sonra klub özünə layiq qapıçı tapıb. Lunyovun  bu mövsüm qruplardan çıxmağımızda böyük əməyi var. Ümumən, “Qarabağ”da çıxış edən bir neçə qapıçının səviyyəsinə nəzər salsaq, İ. Şehiçin fərqli çıxışlarını görmüş olarıq. Şahruddin isə, təzadlı təsir bağışlayırdı. Gah uğurlu çıxışlar, gah da uşaq səhvləriylə yadda qalırdı. 

Lakin Q. Qurbanovun futbolçulara yanaşma tərzini bilirik ki, klubun uğurlarının əsas səbəbi nizam – intizam amilidir. Və komandada qaydalara əməl etmyənlər çox da tap gətirə bilmir. Təəssüf ki, Lunyovda bir neçə problemin şahidi olduq: performansında ciddi geriləmələr və menecer problemi. Bəlkə də, düşünürdü ki, bu səviyyədə klub onun üçün deyil. Çünki bir müddət sonra onun meneceri bir növ ara qatmağa başladı. Vəziyyət o yerə çatdı ki, ona bir neçə dəfə menecerlə münasibətlərinə aydınlıq gətirməsi tapşırıldı. Məndəki informasiyaya görə, hətta “Qarabağ” bir ay öncədən qapıçı axtarışlarına başlayıb. 

Klubda ən əsas məqamlardan biri məşqçinin hər kəsi nəzarətdə saxlamasıdır. Rəhbərlik komanda daxilində ab – havanın pozulmaması üçün Lunyovla yolları ayırmaq qərarına gəlib. Bu “köhlən atlar”a acı dərs oldu: transfer öncəsi futbolçunun dosyesi ətraflı araşdırılmalıdır”. 
O, həmçinin klub üçün lazım olan kriteriyaları da qeyd edib:

“Artıq kluba oyunçu gətirmək daha asandı. Çünki komanda “Leverkusen”lə keçirilən oyunlarla Avropaya səs salmağı bacarıb. Peşəkarlıq tərəfindən baxsaq, klub üçün künc zərbələri və standart vəziyyətlərdə daha professional qapıçıya ehtiyac var. Həmçinin ayaqla oynamağı yaxşı bacaran qolkiper lazımlıdır”. 

Yusif SƏMƏDZADƏ