“Neftçi” və millini kimlərə həvalə edək? - Yerli, yoxsa əcnəbi məşqçi...

 11:17 08.06.2024     572

Azərbaycan kubokunda 2023/2024 mövsümünün final qarşılaşması baş tutub.Yekun oyunda “Qarabağ”la "Zirə” üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, görüşdə diqqəti çəkən məqam hər iki komandaya yerli mütəxəssislər – “Qarabağa”a Qurban Qurbanovun, “Zirə”yə isə Rəşad Sadıqovun baş məşqçilik etməsidir.

“Sumqayıt” komandası da Samir Abbasovun baş məşqçiliyi ilə ölkə çempionatında yaxşı çıxış edir.

Təbii ki, xarici mütəxəssis faktorunu kənara qoymadan yerli kadrların timsalında komandaların daha yaxşı nəticə göstərə bilməsi amili gündəmə gəlir.

Mövzu ilə bağlı "teleqraf.com"a danışan deputat Aqil Abbas hər zaman yerli mütəxəssislərə meydan verməyin tərəfdarı olduğunu söyləyib.

“Dəfələrlə yazmışam, demişəm ki, futbol üzrə öz kadrlarımız var. Onlar yerində olan mütəxəssislərdir, həm də işsizdirlər. Ayxan Abbasovu “Turan”dan çıxardılar.

O, çox gözəl məşqçi idi. Tərlan Əhmədov kimi bir kadr kənarda qalıb. Bu siyahını genişləndirmək də olar”, - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, “Neftçi” 1 ildə üç baş məşqçi dəyişib:

“Onların da hamısı əcnəbi olub. Soruşmaq istəyirəm ki, yerli olmayan kadrlar “Neftçi”yə nə verdi? Gözəl bir komanda ölkə çempionatını 5-ci yerdə bitirdi. Belə şey olmaz! Milli kadrları önə çəkmək lazımdır. Komandaları onlara təhvil verən kimi qarşılarına şərt qoymaq lazım deyil. Onlara demək olmaz ki, bu il sən çempion olmalısan və avrokuboklara getməlisən! Bir-iki il vaxt vermək lazımdır ki, komandanı toparlasın. Qurban Qurbanov da “Qarabağ”a gələndə ilk üç il heç bir nəticə verə bilməmişdi. Çünki ondan heç nə istəməmişdilər. Komandanı toparlamaq lazım idi. Sonrası isə hamıya məlumdur”.

Aqil Abbas hesab edir ki, vaxtilə Tərlan Əhmədov “Neftçi” sonuncu yerdən görün hara yüksəltmişdi:

“Sonra onu çıxartdılar. Samir Abbasov da “Neftçi”ni çempion etdikdən sonra uzaqlaşdırıldı. Yerinə əcnəbi mütəxəssis gətirdilər. Nəticəsi isə heç nə olmadı. Çünki əcnəbi məşqçi bizim əxlaqımızı, mentalitetimizi bilmir. Ona görə də, yerli kadrlara hər zaman üstünlük verilməlidir. İndi “Neftçi”yə, milli komandaya baş məşqçi axtarırlar. Əcnəbinin birini tapıb gətirəcəklər nəticəsi də heç nə olacaq”.