Azərbaycan millisi Qazaxıstana qalib gəldi

 20:11 11.06.2024     199

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Qazaxıstanla üz-üzə gələn Arif Əsədovun rəhbərlik etdiyi yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.

Bununla belə, ruhdan düşməyən futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. 51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədə fərqlənən Toral Bayramov imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.