"Bu adam karyerasının qürubunu yaşayır, Azərbaycana pul qazanmaq üçün gəlir" - Santosun millimizə təyinatına REAKSİYA

 15:06 12.06.2024     342

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernando Santos təyin edilib. AFFA-nın məlumatına görə, mütəxəssisin ölkəmizdəki karyerası AVRO-2028-in seçmə mərhələsinin sonunadək davam edəcək.

Bəs görəsən, yeni baş məşqçi millimizin bu mötəbər turnirdəki çıxışlarına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, Santuşun Azərbaycan yığmasının dəvətini qəbul etməsi anlaşılandır. Onun sözlərinə görə, artıq bu adam karyerasının qürubunu yaşayır və pul qazanmaq ilə məşğuldur:

““Beşiktaş”a da eyni məqsədlə getdi, Azərbaycana da eyni amalla gəlib. Məni narahat edən AFFA rəhbərliyinin öz strategiyasını dəyişməməsidir. AFFA-da belə düşüncə var ki, komandaya məhşur xarici mütəxəssisi dəvət etdikdə futbolçu başqa cür oynayacaq. Fernando Santos Portuqaliya yığması ilə ona görə Avropa çempionu oldu ki, onun əlində “brilyant” var idi. Ona tapşırılan öhdəlik bu “brilyant”ı cilalamaq idi. Bir komandada Ronaldo var idisə, bu təbii ki, asan işdir. Lakin AFFA-nın əlində “şüşə” var. AFFA elə sanır ki, bu şüşədən brilyant düzəltmək olar. Amma bu mümkün deyil. Yaxşı komanda yığmaq üçün sənin oyunçuların Avropanın normal klublarında çıxış etməlidir. Türkiyənin ikinci divizyonunda çıxış edən oyunçular ilə mötəbər çempionatlarda finala çıxmaq absurtdur. Çox təəssüf ki, rəhbərlik bunu başa düşmür”.

Jurnalist qeyd etdi ki, o, AFFA-da yeni rəhbərliyin köhnə səhvləri təkrarlamayacağını düşünürdü.

“Uşaq futbolunda da infrastrukturun qurulmasına maliyyə yatırılmasını güman edirdim. Çünki bizdə futbolçu yetişmir. Hətta əminliklə deyə bilərəm ki, Rövnəq Abdullayev bunlardan daha ciddi kadr idi. Xarici mütəxəssislərin heç biri bu cür komanda ilə heç bir mühüm nailiyyət əldə edə bilmədik. Əsas məsələ budur, başa düşmək lazımdır ki, Azərbaycanda futbolçu yetişmir. 

Tutaq ki, mənzərəni taxıl sahəsinə bənzədək. Gürcülər bu sahəyə dəni səpdikdən sonra əziyyətin bəhrəsini gördülər. Gürcüstanın 8 futbolçusu Avropada oynayır. Orada uşaq futbolu inkişaf edir. Gürcü əsilli keçmiş SSRİ yığmasının üzvü Sulakvelidze uşaq futbolu ilə məşğul olur. Amma bizdə İsgəndər Cavadov AFFA-nın xarici turist səfərləri ilə məşğuldur, bir dəfə də olsun Azərbaycan futbolundakı problemlərdən danışmayıb.

Buna görə də eyni tendensiya davam edəcək. Azərbaycan xalqının pulu xaricdən gətirilən məşqçilərə veriləcək. Fernando Santos Azərbaycandan ən azı ildə 6 milyon aparacaq və ortada da heç bir nəticə olmayacaq. Çünki belə futbolçular ilə nəticə qazanmaq qeyri-mümkündür”, - deyə Natiq Muxtarlı vurğuladı.

Yusif SƏMƏDZADƏ