“Millidə yerli məşqçilərlə bağlı danışmaq tezdir” - AFFA-nın vitse-prezidenti
Azərbaycan millisində Fernandu Santuşun məşqçilər korpusunda yer alacaq mütəxəssislər hələ dəqiqləşməyib.
Redaktor.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlayıb.
O bildirib ki, portuqaliyalının köməkçiləri yaxın günlərdə bəlli olacaq: “İşçi qrupunda da aparılan müzakirələr nəzərə alınacaq. Məşqçilər korpusunda kimlərin olması ilə bağlı danışmaq hələ tezdir. Yaxın zamanda bununla bağlı qərar verəcəyik”.
Hacıyev yığmada yerli məşqçinin də olmaq ehtimalına da toxunub: “Bu məsələ ilə bağlı danışmaq tezdir. Növbəti həftələrdə yerli məşqçilərin Santuşa köməklik etməsi ilə bağlı danışıqlar aparacağıq”.
Qeyd edək ki, millinin Santuşdan əvvəlki baş məşqçisi Canni de Byazinin rəhbərlik etdiyi korpusda Arif Əsədov yer alıb.
İtaliyalının gedişindən sonra komandanı 4 oyuna da məhz Əsədov çıxarıb. (idman.biz)