Qurban Qurbanov əvvəldən MƏLUMAT ALIB Kİ...

 12:43 17.06.2024     474

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin son olaraq onlayn formatda keçirilən iclasına qatılmaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Redaktor.az xəbər verir ki, tanınmış mütəxəssisin Fernandu Santuşun yığmamıza təyinatına dair müzakirələrdə iştirak etməməsinə reaksiyalar müxtəlif oldu.

Federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev bu barədə danışıb. Qurum rəsmisi bunun Qurbanovun istəyi olduğunu bildirib.

"Bildiyiniz kimi, iclasın gündəliyində bir məsələ var idi. Qurban Qurbanov bundan xəbərdar idi.

O, etik olaraq bu müzakirələrdə iştirak etmək istəmədi.

Qurban Qurbanov milli komandanın baş məşqçisi olub, hazırda da fəaliyyətini "Qarabağ"da davam etdirir. Bu məqamın həssaslığını nəzərə alaraq, iclasa qatılmadı".

Qurban Qurbanov iclasda iştirak etməməklə və portuqaliyalı həmkarının gəlişinə reaksiya bildirməməklə, əslində, nə demək istəyib?

O, bilib ki, komitədə aparılacaq polemika boş bir mahiyyət daşıyır və mənasızdır. Çünki Qurbanov əmin olub ki, yekun qərar verilib və hər hansı başqa rəy nəzərə alınmayacaq (sportinfo).