"Ronaldo getməlidir..." - Azərbaycanlı dünya çempionu
1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş Vladislav Qədirov portuqaliyalı hücumçu Kriştianu Ronaldonun milli karyerasını bitirməli olduğunu düşünür.
Redaktor.az xəbər verir ki, bunu "report"a Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun oyunları barədə danışan 53 yaşlı mütəxəssis deyib.
Portuqaliya millisinin çıxışını dəyərləndirən V.Qədirov başqa futbolçulara şans verməyin vaxtının çatdığını vurğulayıb: “İstənilən futbolçu karyerasını vaxtında bitirməlidir. Ola bilər, Ronaldo hansısa rekordları qırmaq istəyir. Amma o, meydanda digər komanda yolaşlarını çaşdırır. Belə oynamaq olmaz. Başqa futbolçulara şans verilməli, komandanın oyun üslubu dəyişməlidir. Portuqaliyanın heyətində gənc oyunçular var”.
Qeyd edək ki, Portuqaliya yığması qrup mərhələsinin I turunda Çexiyanı 2:1 hesabı ilə məğlub edib.