Jurnalistlərimiz AVRO-2024-də hansı komandanı qalib görür?
Artıq neçə gündür ki, Almaniyada futbol üzrə 17-ci Avropa Çempionatı davam edir. Bu nüfuzlu futbol turniri Avropada olduğu kimi, Azərbaycanda da azarkeşlər tərəfindən böyük maraqla izlənilir.
Bəs görəsən, ölkəmizin media nümayəndələrinin turnirlə bağlı düşüncələri nədən ibarətdir? Onların favorit hesab etdiyi komandalar hansılardır?
Redaktor.az bəzi media nümayəndələrinin AVRO-2024-lə bağlı fikirlərini öyrənib.
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid oyunları izlədiyini və maraqlı oyunların olduğunu söylədi.
“Dünən də bununla bağlı status yazmışdım: Danimarka və Portuqaliya millilərinin mübarizə əzmini çox bəyəndim. Sürpriz komandaların olması çempionatı doğurdan da maraqlı edir. Əlbəttə ki, Türkiyənin uğurlar qazanmasını istəyərik. Türkiyə yığmasında boşluqlar olsa da, oyun coşqusu və ruhu göz qabağındadır. Onu da deməliyəm ki, Gürcüstan milli komandası da yaxşı formadadır. Bu amil Gürcüstanda ənənə halını alıb. Hələ sovet dövründə bu ölkədən yaxşı futbolçular çıxıb”, - deyən baş redaktor əlavə etdi ki, hələ də Niderlandın oyununa baxa bilməsə də, İspaniya və Portuqaliya daha yaxşı oyun nümayiş etdirir:
“İngiltərənin dünən Danimarka ilə keçirdiyi oyun onu göstərdi ki, bu yığma heç də deyildiyi kimi güclü komanda deyil. Hər halda insanlar futbolu daha çox izləyir. Bu həm də bir incəsənətdir. Bir çox insanlar üçün bu çempionat bir bayramdır. Mən də onların bayramını təbrik edirəm”.
Tanınmış teleaparıcı İlqar Mikayıloğlu isə bildirdi ki, ümumiyyətlə azarkeşlik etdiyi heç bir yığma və ya klub yoxdur:
“Sadəcə olaraq Avropa Çempionatına baxaraq dincəlirəm. Mənim üçün udan və ya uduzan tərəfin heç bir fərqi yoxdur. Oyuna baxaraq həzz almağa çalışıram. Buna görə də məni oyun zamanı əsəbləşdirən, narahat edən tərəf yoxdur.
Çempionun kim ola biləcəyi məsələsinə gəlincə, bir qayda olaraq top beşlikdən olan komandaların şansı daha yüksəkdir: Almaniya, İngiltərə, Fransa və yaxud İspaniya”.
“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli qeyd etdi ki, Avropa çempionatını davamlı izləyə bilməsə də, favorit hesab etdiyi komandalar var:
“Təbii ki ilk yerdə Türkiyədir. Dəstəyim və arzum Türkiyənin finalda oynamasıdır. Lakin ən peşəkar futbol mütəxəssisləri də bu çempionat haqda birmənalı proqnoz verməyə çətinlik çəkir. Yalnız ehtimallar səsləndirmək mümkündür. Hiss və arzuları bir kənara qoysaq, bu vaxta kimi keçirilən qarşılaşmalara əsasən deyə bilərik ki, Almaniya, İspaniya və İtaliyanın şansları daha böyükdür. Mən bundan əvvəlki çempionatlarda Türkiyə olmayanda İtaliya və ya Almaniyaya azarkeşlik etmişəm. Ümid edirəm bu dəfə Türkiyə son qarşılaşmaya kimi meydanda olacaq”.
“Avtosfer.az”ın baş redaktoru Elməddin Muradlı isə bildirdi ki, peşəkar səviyyədə futbol azarkeşi deyil:
"Amma hər bir halda Fransa xaric bütün komandaların oyunlarını həvəslə izləyirəm. Çempionatın qalibi məsələsinə gəlincə isə bu məqama İtaliyanın çatmasını istəyərdim. Və əlbəttə ki, bütün bunlarla yanaşı qardaş Türkiyənin yaşıl meydanda uğurlu nəticələrinin şahidi olmaq çox gözəl olar”.
Yusif SƏMƏDZADƏ