AVRO-2024-ün finalına hansı komandalar çıxacaq? - Ekspertdən PROQNOZ

 17:38 22.06.2024     558

Artıq futbol üzrə Avropa Çempionatında ikinci tur yekunlaşmaq üzrədir. İspaniya İtaliya üzrə minimal hesablı qələbə qazanaraq 1\8 final mərhələsinə yüksəlməyi bacardı. 

Bəs görəsən, turnirdə digər favorit komandaların final ilə bağlı iddiaları nə dərəcədə realdır? Qardaş ölkə Türkiyə hansı səviyyədə oyun sərgiləyir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, qarşılaşmalarda böyük komandalar yenə də nəticəyə əsaslanaraq oynayırlar:

“Onlar öz ustalıqları hesabına bu nəticələri əldə edirlər. Yaradıcı futbol nümayiş etdirən isə favorit sayılmayan komandalardır: Avstriya, Slovakiya, Rumıniya və sair. İtaliya ümumiyyətlə bərbad oyun sərgiləyir. Həmişə bu komanda böyük turnirlərdə bu cür oynayıb. Vaxt olub ki, İtaliya qrupdan 3 xal ilə çıxıb, amma gəlib dünya və ya Avropa çempionu ola bilib. Böyük komandaları yaradıcı futbol maraqlandırmır. Onlara lazım olan nəticədir. Çox maraqlıdır ki, İngiltərə yığması da o yolu tutub. Və yaxud Mbappesiz Fransa qol vura bilmir. Mənə görə, yaradıcı futbol göstərən komandalar İspaniya və Almaniyadır. Amma bu o demək deyil ki, digər böyük komandalar məğlub olacaq. İtaliya, İngiltərə, Portuqaliya və ya Fransanın da finala çıxmaq şansı var. Bu heyətlərdə böyük ustalar oynayur. Baxımlı futbola üstünlük vermədən nəticəyə əsaslanan taktika seçməklə gəlib finala çıxa bilər”.

Jurnalist həmçinin Türkiyə milli komandasının oyun üslubuna da diqqət çəkdi. Onun sözlərinə görə, Türkiyə  yığması haqqında birmənalı fikir yürütmək olmaz.

"Çünki bu milli emosiya komandasıdır. Heyətdə gənç futbolçular var, amma heyət komanda kimi formalaşmayıb. Gürcüstan ilə oyunda da bu, açıq göründü. Türkiyə ayrı-ayrı oyunçuların fərdi ustalığı hesabına qələbə qazandı. Lakin Gürcüstan daha yaxşı komanda oyunu göstərirdi. Türkiyənin müdafiə xəttində xeyli boşluqlar vardı. Amma bu səhvləri Portuqaliya Türkiyəyə bağışlayacaq? Xeyr. Əgər Türkiyə intizamlı komanda oyunu göstərsə, daha yaxşı çıxış edə bilər. Amma türklərdə bir az çılğınlıq olduğu üçün oyunçular hamısı hücum etmək istəyir. Axı müdafiəni də qorumaq lazımdır. Türkiyədə bu çatışmır. Baş məşqçi bunun üzərində işləməlidir. Əgər müdafiə xəttində olan problemlər həll edilməzsə, Portuqaliya ilə qarşılaşma çətin olacaq. 

Gürcülər çempionatda ilk oyun olduğuna görə, təcrübəsiz və həyəcanlı idi. Onlar ələ düşən imkandan yararlansaydı, fərqli nəticə olacaqdı. Ola bilər ki, Portuqaliya ilə oyunda futbolçular məsuliyyəti anlasın və səhvlərini düzəltsin. Türkiyənin əsas gücü Portuqaliya ilə oyunda bilinəcək”", - deyə N.Muxtarlı bildirdi.

Yusif SƏMƏDZADƏ