"Türkiyə millisi qrupdan çıxmağa borcludur" - Ekspert

 20:41 24.06.2024     389

Məlum olduğu kimi, Almaniyada baş tutan futbol üzrə Avropa Çempionatında Türkiyə yığması Portuqaliya qarşısında məğlubiyyətdən sonra qrupdan çıxmaq planları sual altındadır.

Bəs görəsən, Türkiyə Çexiya millisinə qarşı oyunda qələbə qazanaraq qrupu tərk edə biləcəkmi?

Bununla bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti Ağa Dadaşzadə dedi ki, əslində Türkiyənin qrupda hazırkı vəziyyəti heç də pis deyil:

“Əslində Türkiyənin qrupda hazırkı vəziyyəti heç də pis deyil. Türkiyə yığmasının növbəti rəqibi Çexiya komandası çox da yaxşı vəziyyətdə olmadığına görə, indiki heyət ilə bacaracağını söyləmək olar. Buna görə də, əminliklə deyə bilərəm ki, Türkiyə Çexiyaya qalib gələrək qrupdan çıxa biləcək. Çünki Gürcüstan yığması Çexiyaya qarşı normal müqavimət göstərdi. Düşünürəm ki, artıq Portuqaliya qarşısında ağır məğlubiyyətdən sonra özünə gəlib və qrupdan çıxmağa borcludur. Hətta Çexiya Azərbaycan millisi ilə oyunda belə bir az çətinlik çəkirdi. Düzdür, həmin oyundan bir neçə il keçib, amma heyət aşağı-yuxarı eynidir”.

Daha sonra Türkiyə milisinin baş məşqçisi haqqında da danışan jurnalist bu sözləri əlavə etdi:

“Reallığı qəbul edək ki, Vinçenzo Montella Türkiyə futbolçularının psixologiyasına bələd deyil. Yəni, ən azından o Şenol Güneş, Fatih Terim və digərləri deyil ki, oyunçularını daha yaxşı tanısın. Bu oyunda psixoloji vəziyyətdən çıxıb qələbəyə nail olacaqlar. Baş məşqçi ilə oyunçular arasında olan gərginlik isə turnir başa çatdıqdan sonra yoluna düşəcək. Çempionatın Almaniyada keçiriləcəyini nəzərə alsaq, hər oyunda 40-50 min türk azarkeşi qarşısında oynamaq da müəyyən dərəcədə təsir edir”.  

Yusif SƏMƏDZADƏ