“Neftçi”də baş məşqçi postuna Roman Qriqorçuk təyin edildi

 16:48 26.06.2024     283

“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.

Readktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan mütəxəssislə anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb.

2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Hollandiyanın “PSV Eyndhoven” və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb.

O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.