"Ay-ulduzlular" 6 qol buraxdığı rəqibə qarşı
Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında üz-üzə gələcək Avstriya və Türkiyə milliləri daha əvvəl böyük turnirlərdə qarşılaşmayıblar.
Redaktor.az xəbər verir ki, "ay-ulduzlular" bu rəqibinə qarşı son beş rəsmi matçda uduzmayıb.
Qardaş ölkə komandası 4 qələbə və 1 heç-heçə əldə etməklə yanaşı, qapısından qol da buraxmayıb. Lakin tərəflər arasında martın 26-da gerçəkləşən yoldaşlıq görüşündə Avstriya 6:1 hesablı qələbəyə sevinmişdi.
1/8 final mərhələsinin digər qarşılaşmasında Niderland millisi Rumıniyanın müqavimətini qırmağa çalışacaq. Komandalar böyük yarışlarda bir dəfə münasibətləri aydınlaşdıracaqlar. AVRO-2008-də "narıncılar" iki cavabsız qolla qalib gəliblər.
Rumınlar bu rəqibə qarşı 14 duelin, sadəcə, birində qələbə qazana biliblər - 10 məğlubiyyət, 3 heç-heçə.
Qeyd edək ki, Rumıniya - Niderland oyunu Bakı vaxtı ilə saat 20:00-da, Avstriya - Türkiyə matçı isə 23:00-da start götürəcək.