Türkiyəni 1/4 finala çıxaran Demiralın HEKAYƏSİ
Xəbər verdiyimiz kimi, Avropa çempionatında Türkiyə millisi Avstriya yığması üzərində 2:1 hesablı qələbə qazanaraq 1/4 final mərhələsinə adlayıb. “Ay-ulduzlular”ın heyətində dubla imza atan Merih Demiral matçın əsas qəhrəmanlarından biri olub.
Redaktor.az “qafqazinfo”ya istinadən Merih Demiralın karyerası ilə bağlı maraqlı hekayəsini təqdim edir.
Merih Demiral futbola “Karamürsel İdmanyurduspor” klubunun aşağı yaş qruplarında başlayıb. 2011-ci ildə 13 yaşı olanda “Fənərbaxça”ya keçib. 5 il bu klubun aşağı yaş qruplarında çıxış edəndən sonra ona klub rəhbərliyi tərəfindən peşəkar müqavilə imzalamaq təklif edilib.
Lakin bu müqavilənin dəyəri minimum əmək haqqı qədər olduğu üçün Merih, bununla razılaşmayıb. Futbolçunun sözlərinə görə, bu məbləğ həmin dönəm üçün 1000 türk lirəsi olub:
“Dostlarım qəbul etdi, amma mən etmədim. Çünki Avropa xəyalım var idi”.
O, minimum əmək haqqıya (həmin vaxt üçün təxminən 500 AZN) oynamaq əvəzinə, Portuqaliyaya yollanıb. Burada üçüncü liqada çıxış edən “Alcanenense” klubunun heyətinə qoşulub. Türkiyəli futbolçu burada tamamilə pulsuz çıxış edib.
Qısa müddət sonra isə Portuqaliya nəhənglərindən “Sportinq” onu heyətinə cəlb edib. Amma müdafiəçi Lissabon təmsilçisinin B komandasında oynayıb.
Maraqlıdır ki, bu dönəm həm də, azərbaycanlı futbolçu Budaq Nəsirovun “Sportinq”in B komandasında çıxış etdiyi dövrə təsadüf edib. Onlar komanda yoldaşı olsa da, Merih özünü inkişaf etdirməyi bacarıb, Budaq isə Portuqaliyadan vətənə qayıtmış, uzun müddət futboldan kənar qalmış, keçən il “Turan Tovuz”a transfer olmuş, burada öz komanda yoldaşını vurduğu üçün klubdan qovulmuşdu.
Fotoda Budaq Nəsirov və Merih Demiral əvəzedici komandanın heyətində
Merih 20 yaşında dörd il sonra minimum əmək haqqıya oynamağa razı olmadığı Türkiyəyə yenidən qayıdır. Bu dəfə onu “Alanyaspor” transfer edir. Bu keçid üçün Alanya təmsilçisi “Sportinq”ə 3,5 milyon avro transfer haqqı ödəyir.
Həmin mövsüm birinci dövrənin yekununda İtaliya klubu “Sassuolo” Merih üçün “Alanyaspor”un qapısını döyür. Beləcə, türkiyəli müdafiəçi 9,25 milyon avro qarşılığında İtaliya A seriyası təmsilçisinə keçir.
“Sassuolo” ilə ikinci dövrədə 14 matça çıxan və iki qol vuran gənc Merih İtaliya nəhənglərindən “Yuventus”un radarına düşür. Nəticədə Demiral bu dəfə 18 milyon avroya Turin təmsilçisinə keçir. Onunla 5 illik sözləşmə imzalanır.
Merih bu kluba keçidini həmin dönəm sosial şəbəkə hesabında belə qeyd edir:
“Tarix xəyal quranları yox, gerçəkləşdirənləri yazır”.
Merih Demiral “Yuventus”da 24 matça çıxır, İtaliya çempionu adını qazanır, ölkə kuboku və Superkubokunu başı üzərinə qaldırır. O, daha sonra “Atalanta”ya icarəyə verilir. Berqamo təmsilçisinin mövsümün sonu 25 milyon avro ödəyərək Türkiyə millisinin müdafiəçisini birdəfəlik almaq hüququ yaranır.
Bu dönəmdə Merih üçün cəlbedici təklif gəlir. Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Merihlə üç illik sözləşmə imzalayır. Onun illik maaşının 11 milyon avro olduğu bildirilir. 16 yaşında 500 manat maaşa razılaşmayan, inkişaf etmək üçün Portuqaliyada hətta pulsuz oynayan Merih Demiral, 10 il sonra aldığı məvaciblə Türkiyə futbol tarixinin illik ən çox qazanan futbolçusu olur.