"İspaniya Azərbaycan deyil ki, 25 yaşında futbolçuya “gənc” desinlər..."
2024-cü il Avropa çempionatının yekunlarına əsasən, İspaniya millisi bütün qitə turnirləri tarixində performans rekordu müəyyənləşdirib. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda son Avro 2024-də 15 qol vurub. Eyni turnirdə heç kim bu qədər qol vura bilməyib.
Maraqlıdır, oyunçularının əksəriyyəti gənclərdən ibarət olan İspaniya millisi bunu necə bacardı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Araz Əhmədov bildirdi ki, İspaniya ilk gündən favorit hesab edilirdi və sonda onlar bu adı doğrultdular:
"Çünki bu çempionatda sözün bütün mənalarında futbolu ispanlar oynayırdı və sonda futbol da qazandı".
O, İspaniya millisində 15 yaşlı futbolçuların oynamasına da münasibət bildirdi.
"Əgər istedadlı gənc futbolçu varsa, o nədən yığmada oynamamalıdır? Bunun ancaq müsbət tərəfləri ola bilər. Ora Azərbaycan deyil ki, 25 yaşında futbolçuya “gənc” desinlər!".
A.Əhmədov Azərbaycanın növbəti Avropa Çempionatı oyunlarında iştiakını da dəyərləndirdi:
"Seçmə mərhələdə uğurla çıxış etmək üçün bir sistemli iş olmalıdır. Bizdə bu yoxdur. Bu olmadığı halda da gözləntilərim də yoxdur. Hərçənd Santuş çox güclü mütəxəssisdir. Amma təəssüf ki, Azərbaycanda onun istədiklərini həyata keçirə biləcək futbolçular yoxdur".
Sevinc İBRAHİMZADƏ