Finalın şərhi tənqid edildi - İTV üzr istədi

 12:08 15.07.2024     585

Ötən gün Almaniyada keçirilən Avropa çempionatının final görüşünün yayımı zamanı İTV telekanalında yaranan texniki problem müzakirələr yaradıb.

Redaktor.az xəbər verir ki, səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib.

Belə ki, qarşılaşma birbaşa Almaniyadan şərh edilyi üçün səs və görüntü arasında təxmini 3-5 saniyə fərq hiss olunub. 

Müzakirələri əsasən İspaniya millisinin üzvü Niko Uilyamsın qol vurduğu kadrın şərhdən bir neçə saniyə sonra yayımlanması ətrafında aparılıb. Qeyd olunub ki, ilk dəfə Avropa Çempionatını yerindən şərh etsələr də, rejissorlar heç cür səs ilə görüntünü uyğunlaşdıra bilməyiblər.

Məsələ ilə bağlı İTV-nin idman departamentinin direktoru Kənan Hakimov sosial şəbəkə hesabında açıqlama yayıb:

“Final oyununun şərhində səslə görüntünün üst-üstə düşməməsi ilə əlaqədar yaranan problemə görə bu məsələdə məsuliyyət payı olan şəxs olaraq öz adımdan üzr istəyirəm. Futbol azarkeşi kimi televiziya qarşısında hansı hisslər keçirdiyinizi yaxşı başa düşürəm və haqlı tənqidləriniz qarşısında deyiləcək bir söz yoxdur. Oyundan öncə test zamanı hər şey normal olsa da, təəssüf ki, şərhin gedişatında vəziyyəti düzəltmək üçün dəfələrlə cəhd edilsə də, yaranan problemi aradan qaldırmaq mümkün olmadı. 

Qeyd edim ki, UEFA bir müddət öncə yeni sistem üzərindən işləməyə başlayıb. Belə ki, şərhçinin səsi əvvəlki kimi peyk vasitəsilə deyil, internetlə göndərilir. Bu Avropa çempionatının gedişatında bir çox ölkələrin yayımçı telekanalları şərh zamanı eyni vəziyyətlə üzləşiblər və onlar da oyunun gedişatında mövcud problemi aradan qaldıra bilməyiblər”.

Həmin görüntüləri təqdim edirik: