Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidentindən xəbər VAR

 18:08 15.07.2024     427

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov yeriməyə başlayıb.

Bunu Redaktor.az-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, qurum rəhbərinin sağlıq durumunda irəliləyiş olduğunu söyləyib:

"Elxan müəllimin müalicəsi xəstəxana şəraitində davam edir. Fizioterapiyası vaxtında aparılır. Artıq ayağa qalxır və qısa məsafələrə addımlar atır. Həkimlər hər şeyin qaydasında olduğunu bildirirlər. Ümid edirik ki, qısa müddət sonra artıq tam sağlamlığına qovuşacaq”.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.