Mübariz Mənsimov qardaşının saxta sənədlərlə adına keçirdiyi stadionu geri qaytardı

 13:40 22.07.2024     339

«Xəzər Lənkəran» mərkəzi stadionu avqustda təmirə bağlana bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Mübariz Mənsimovun yaxın çevrəsindən sportinfo.az-a məlumat daxil olub.

Bildirilib ki, iş adamı ona məxsus arenada aparılacaq yenidənqurma işlərinə 2-2,5 milyon manat civarında vəsait ayırıb. Podratçı şirkət müəyyənləşdirilib və onların nümayəndələri Lənkərana gələrək, futbol kompleksinə baxış keçirib. Burada çalışacaq briqadaya ilkin mərhələdə 40-a yaxın işçi daxil edilib.

Əslində, təmir-bərpa prosesinə martda start verilməli idi. Bəs ötən 5 ay ərzində niyə daşı daş üstünə qoyulmayıb? «Xəzər Lənkəran»ın sahibi stadionla əlaqəli hüquqi prosesin tamamilə başa çatmasını gözləyir.

Xəbər verdiyimiz kimi, eyniadlı klubun prezidenti Mais Mənsimov arenanı öz oğlunun adına keçirib. Mübariz Mənsimov Türkiyədə həbsdən çıxandan sonra qardaşının əməlindən xəbər tutub və məhkəməyə üz tutub. Məlum olub ki, Mais Mənsimov stadiona saxta sənədlərə istinad edərək özəlləşdirib. Araşdırma bu faktı aşkarlayıb və Mübariz Mənsimovun lehinə qərar çıxarıb. Mais Mənsimov bununla barışmaq istəmədiyindən, problemə hələ nöqtə qoymaq mümkün olmayıb. Stadionun kimə məxsus olmasına dair növbəti/yekun qərar verilməlidir, bunun da gələn ay gerçəkləşməsi gözlənilir.