"Qüdrətli Fransa”nın Olimpiya Oyunlarını keçirməyə qüdrəti yoxdur - AÇIQLAMA

 16:47 26.07.2024     673

Bir neçə ölkənin idmançıları Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər. Onlar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar. Bu məsələnin doğruluğu hansı dərəcədədir? Müxtəlif ölkələri təmsil edən idmançıları ac qoymaq hansı məqsədi daşıyır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı Fransada həqiqətən ciddi problemin olduğunu bildirdi.

"Dünyanın əksər mənbələri iddia edir ki, Fransa Olimpiya Oyunlarını keçirməyə hazır deyil. Təşkilatçılıq bərbaddır, nəqliyyat sistemi iflic olub, qidalanmada ciddi problem var. Hətta bu gün Fransa Cüdo Federasiyasının prezidenti də narazılıq edib, bildirib ki, yarışın keçiriləcəyi zalları toz basıb, tatamilər keyfiyyətsizdir. Bütün bunlar onu göstərir ki, “qüdrətli Fransa”nın yarışı təşkil etməyə qüdrəti yoxdur".

N.Muxtarlı qeyd etdi ki, Olimpiya Oyunlarının Fransada keçirilməsi siyasətdir:

"İndi bütün böyük turnirlərə ev sahibliyi siyasi qərarlar əsasında verilir. DÇ-2018 və DÇ-2022 Rusiya və Qətərə verildikdən sonra ABŞ-nin FİFA və UEFA-nın başına açdığı oyunu xatırlayaq. Korrupsiya adı ilə əməliyyat keçirildi. İndi bu təşkilatlarda korrupsiya yoxa çıxıb? Yox. Amma əvəzində DÇ-2026-ya ABŞ ev sahibliyi edəcək. Fransa da siyasi təzyiq nəticəsində belə turnirlərə ev sahibliyini əldə edir. Yay Olimpiya Oyunlarını keçirə bilməyən ölkəyə 2030-cu ildə Qış Olimpiya Oyunları da həvalə edilib. Artıq idman tam siyasiləşib. Fransanın gücü ancaq siyasi müstəvidə qalıb".

Qeyd edək ki, milli idmançılarımızın Parisdəki vəziyyəti haqqında hələlik məlumat yoxdur.

Türkan İSGƏNDƏRLİ