İdmançılarımız gözləntiləri doğrulda biləcək? - "Paris-2024"
"Təəssüflər olsun ki, Paris Olimpiadasına yaxşı başlaya bilmədik. Bu da, təbii ki, bizim müəyyən idman növlərində favorit olan idmançılarımızın hələ mübarizəyə qoşulmaması və bizə daha yaxın olan idman növlərində yarışların start götürməməsi ilə bağlıdır".
Bu barədə Redaktor.az-a idman eksperti Araz Əhmədov Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarından gözləntilərdən danışarkən bildirdi.
"Əlbəttə ki, olimpiadalarda bizim daim medal gətirdiyimiz idman növləri üzrə mübarizəyə start veriləndə vəziyyəti düzəldə bilərik. Amma bununla yanaşı, biz komanda idman növlərini mütləq inkişaf etdirməliyik, bu idman növlərində olimpiadaya lisenziya qazanmaq lazımdır", - deyə o qeyd etdi.
İdman eksperti Ceyhun Rzayev isə bildirdi ki, olimpiada yeni başlayıb, buna görə də bir az səbrli olmaq lazımdır:
"Olimpiadada iştirak edən hər idmançı medal qazana bilməz. Əzəldən bəzi idman növləri var ki, biz həmişə onlara ümid etmişik, həmin idman növləri bizə olimpiya medalları qazandırıb. Bu idman növlərinə güləş, cüdo, boks aiddir. Məsələn, ötən gün boksçumuz Alfonso Dominqes çox böyük bir sensasiyaya imza ataraq ikiqat olimpiya çempionu olan kubalı boksçunu məğlub etdi və böyük ehtimal Dominqes ən azı bürünc medal qazanacaq. Hətta qızıl medala doğru da gedə bilər. Sadəcə olaraq səbrlə nəticələri gözləmək lazımdır".
Ceyhun Rzayev boksçularımızdan, güləşçilərimizdən və cüdoçularımızdan medal gözlədiyini qeyd etdi.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komandası Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olunur.
Sevinc İBRAHİMZADƏ