"Qurbanovun komandası axşamkı matçdan da üzüağ çıxacaq"

 13:13 30.07.2024     377

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" Tofiq Bəhramov adına respublika stadionunda "Linkoln" komandası ilə üz-üzə gələcək. Oyun 20:00-da başlayacaq.

İdman eksperti Elmar Rza Redaktor.az-a oyundan gözləntilərini bölüşdü.

O bildirdi ki, püşkatmadan sonra "Qarabağ"ın Cəbəllütariq təmsilçisi ilə oyunlarda çətinlik çəkəcəyini gözləmirdi:

"Elə ilk matçda da rəqib müəyyən müqavimət göstərsə də, Azərbaycan klubu sərfəli nəticə ilə ölkəyə dönməyi bacardı. Burada əsas məsələ minimum qüvvə və itkisiz III təsnifat mərhələsinə adlamaqdır. Bilirik ki, mövsümün əvvəlində avrokuboklarda əksər komandalar çətinlik çəkir. "Qarabağ" da hər zaman təsnifatda mərhələ keçdikcə, oyundan oyuna daha yaxşı təsir bağışlamağa başlayır. Oyun planının oturması, yeni gələn futbolçuların komandaya adaptasiyası və yeni mövsüm öncəsi motivasiya baxımından bu matçlarda uğurlu çıxış önəmlidir. Qurban Qurbanovun komandasının axşamkı matçdan da üzüağ çıxacağını fikirləşirəm. İllərdir avrokuboklarda toplanmış təcrübə və komanda keyfiyyəti bu qənaətə gəlməyimizi əsaslandırır".

Qeyd edək ki, komandalar arasındakı ilk matç 2-0 hesabı ilə "atlılar"ın xeyrinə olmuşdu.

Sevinc İBRAHİMZADƏ