"Daha 2 qızıl, 2 gümüş və xeyli bürünc medal qazana bilərik" - Paris-2024
Ötən gün Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Bəs başqa hansı idmançılarımızdan medal gözləntilərimiz var?
Bu barədə fikirlərini Redaktor.az-la bölüşən idman jurnalisti Ağa Dadaşzadə söylədi ki, biz əsasən cüdoçu və güləşçilərimizin qələbəsinə ümid edirik:
"Hidayətin qələbəsi möhtəşəm idi. O, eyni ildə həm dünya, həm Avropa, həm də Olimpiya çempionu oldu. Ancaq Hidayətdən başqa, güləşdə Hacı Əliyev, Mariya Stadnik potensial medal sahibləridir. Eyni zamanda şəxsən cüdoda Zəlim Kotsoyevdən medal gözləyirəm. Hərçənd boksçularımız çox zəif çıxış edir, ancaq Murad Allahverdiyev də uğurlu nəticə əldə edə bilər. Ümid edirəm ki, bu gün kamandan oxatma idman növü üzrə Yaylagül Ramazanova yaxşı çıxış edərək növbəti mərhələyə adlayacaq. Basketbolçularımızın da uğur qazanmaq şansı böyükdür. Yunan-Roma güləşindən də möhtəşəm nəticə gözləyirik. Amma bugünkü nəticələrə görə, cüdo daha 2 medal bizə qazandıracaq deyə düşünürəm".
Ağa Dadaşzadənin fikrincə, qarşıda daha 2 qızıl, 2 gümüş və xeyli bürünc medal qazanmaq ehtimalımız var.
Sevinc İBRAHİMZADƏ