“Beşiktaş” böyük fərqlə “Qalatasaray”ı məğlub ETDİ
İstanbulda keçirilən Türkiyə Superkubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.
Redaktor.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçı Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Oyundan hesab hakimin start fitindən cəmi bir neçə saniyə sonra açılıb: 1-ci dəqiqədə norveçli Yunas Svenssonun ötürməsindən italiyalı hücumçu Çiro İmmobile topu tora qovuşdurub. Əsasən qarşılıqlı hücumlarla yadda qalan oyunda başqa qol vurulmayıb. Eyni zamanda, ilk yarı sərt oyunla da fərqlənib: hakim beş dəfə əlini cibinə atmalı olub.
İkinci hissəyə də “qara qartal”lar daha fəal başlayıb: 53-cü dəqiqədə birinci qolun iştirakçısı Svensson uruqvaylı qapıçı Musleranı məyus edib – 0:2. Oyunda növbəti qol bir də 81-ci dəqiqədə vurulub: İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. Cəmi 6 dəqiqə sonra “sarı-qırmızılar”ın müdafiəçisi Viktor Nelsson qırmızı vərəqə alaraq meydandan qovulub. Bu isə “Beşiktaş”a yeni qol imkanları yaradıb: əlavə edilmiş birinci dəqiqədə Rafa Silva, bir dəqiqə sonra isə Mustafa Hekimoğlu fərqlənərək hesabı darmadağın həddinə çatdırıb – 0:5.
Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusu olaraq qalır.