"Qarabağ" mütləq qalib gələcək - Oyunun şərhçisi
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" klubu Bolqarıstanın "Ludoqorets"i qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
Oyunun şərhçisi, idman eksperti Araz Əhmədov bugünkü görüşlə bağlı fikirlərini Redaktor.az-a bölüşdü:
"Bu gün statdionda anşlaq olacağı gözlənilir və hamı, təbii ki, "Qarabağ"ın qələbə qazanmasını istəyir. Amma unutmaq lazım deyil ki, "Ludoqorets" çempionatda zəif komanda deyil və bundan öncəki mərhələlərdə iki sabiq SSRİ təmsilçisi olan "Dinamo Batumi" və "Dinamo Minsk"i mübarizədən kənarlaşdıraraq bu mərhələyə qədər yüksəlib. Düzdür, "Ludoqorets" səfərdə qol vura bilmir. Amma bu o demək deyil ki, onlar səfərdə həmişə qol vura bilməyəcəklər. Hərçənd "Qarabağ" "Ludoqorets"ə nisbətdə daha aşkar favorit görünür, amma bolqarların da bu görüşdə əzmkar mübarizə sərgiləyəcəyini düşünürəm ki, ikinci oyunda onlar mərhələni keçmək üçün özlərində şans saxlasınlar. "Qarabağ"ın bu görüşdə 2-1 və ya 2-0-lıq qələbəsini proqnoz verirəm. İstənilən halda "Qarabağ"ın heyəti daha usta futbolçulardan qurulub deyə mütləq qalib gələcəyini düşünürəm".
Sevinc İBRAHİMZADƏ