Azərbaycanda futbolçuların əsgərliyə getməsi ilə bağlı maraqlı TƏKLİF

 17:48 08.08.2024     520

Hərbi xidmətin futbolçuların inkişafına mənfi təsir göstərdiyi ilə bağlı fikirlər var. Belə ki, hərbi xidmətə gedib qayıdan futbolçu çox vaxt futbol oynamır, yaxud uzun müddətə formasını bərpa edə bilir. Futbolun ölkəmizdə daha da yüksək səviyyədə inkişaf etməsi üçün buna alternativ həll yolu tapmaq lazım gəlir. Belə olduğu halda futbolçular üçün hərbi xidmət məsələsi necə tənzimlənməlidir?

Mövzu ilə əlaqədar idman jurnalisti Ceyhun Rzayev Redaktor.az-a fikirlərini bölüşdü. 

O bildirdi ki, hərbi xidmət keçmək hər bir Azərbaycan kişisinin borcudur. Ancaq məsələ ondadır ki, peşəkar futbolçu topdan ayrı düşəndə bu, onun karyerasının tamamilə bitməsi deməkdir:

"Çox nadir hallarda futbolçu 18 yaşında hərbi xidmətə gedir, il yarım topdan aralı qalır və qayıtdıqdan sonra yenidən yüksək səviyyədə oynaya bilir. Bunu bəlkə də 100 futbolçudan 5-i edə bilər. Adətən hərbi xidmətə gedəndə onların karyerası bitir və qayıdandan sonra başqa peşə ilə məşğul olurlar. Ona görə də bu məsələ hansısa bir şəkildə tənzimlənməlidir. Məsələn, əvvəlki dövrlərdə əsgər futbolçuların istifadə etdiyi bir neçə aşağı divizionda komandalar var idi. İndi Azərbaycan çempionatında I divizionda mübarizə aparan Mərkəzi Ordu İdman Klubudur (MOİK). Bəzi futbolçular ora cəlb olunur, amma hamını da həmin komandaya yığmaq mümkün deyil".

"Dinamo" klubunun prezidenti Yaşar Seyidov isə dedi ki, bu məsələ ilə bağlı klub AFFA rəhbərliyinə təklif göndərib:

"Biz federasiya rəhbərliyinə milli, olimpiya, U-19, Avroliqa futbolçularının hərbi xidməti "Dinamo"da keçməsi təklifini vermişik. Bildirmişik ki, bunun üçün "Dinamo" futbol klubunun da öz növbəsində maddi-texniki bazası yüksək olmalıdır ki, həmin futbolçuların problemlərini qarşılaya bilsin. Hazırda klubumuz o gücdə deyil. Yəni həmin futbolçuların gəlməsinə, millinin oyunçularının yenidən öz komandalarına qayıtmasına, digərlərinin qalıb orada qidalanmasına və digər şərtlərinə əməl etmək strukturuna malik deyilik. Ona görə də AFFA rəhbərliyi dəstək verərsə, biz bu məsələlərin həll olunmasını təmin edə bilərik. Bu halda futbolçuların da əsgərliklə bağlı problemləri həll olar".

Klub rəhbəri onu da qeyd etdi ki, burada ilk növbədə üstünlük millidə, olimpiyada, U-19-da və Avroliqada oynayan futbolçulara veriləcək: "Bunun üçün təkliflər paketi verilib və İcraiyyə Komitəsində bu məsələyə baxılacaq".

Sevinc İBRAHİMZADƏ