“Sevinirəm, sadəcə, qızıl medalın yeri başqadır" - Həsrət Cəfərov

 22:45 08.08.2024     356

“Təəssüratlarım yaxşıdır, Olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən və uğuruma sevinən hər kəsə təşəkkürümü bildirirəm”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Həsrət Cəfərov deyib.

67 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı 3-cü yeri tutduğu üçün məyus olmadığını bildirib: “Sevinirəm, sadəcə, qızıl medalın yeri başqadır. Əsas odur, Vətənə medalsız dönmürəm. Komandamızın başı üzərində sanki “qara bulud” var. Medal qazana bilmirdik. Açılışı mən etdim, inanıram ki, davamını uşaqlar gətirəcəklər”.

O, əsas hədəfinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal əldə etmək olduğunu vurğulayıb: “Daha yaxşı hazırlaşıb böyük uğurlar qazanmaq istəyirəm”.