Azərbaycan güləşçisi yarımfinala vəsiqə qazandı - Paris-2024
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünü keçirib.
Redaktor.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu raundda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gəlib.
Rəqibini “tuş”la (tam üstünlük) məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi Robert Baran (Polşa) - Geno Petriaşvili (Gürcüstan) cütünün qalibi olacaq.
Bu gün mübarizəyə qoşulan digər sərbəst güləşçimiz Turan Bayramov (74 kiloqram) isə ilk görüşündə albaniyalı Çermen Vəliyevə uduzub. Rəqib finala çıxsa, idmançımız bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.