Olimpiya Oyunlarındakı nəticələrimiz tənqid olundu: "Mənzərə heç də ürəkaçan deyil"
Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. Yarışlara qatılan 48 idmançıdan cəmi 7-si medal qazanıb. Bu nəticə isə ölkəmizdə birmənalı qarşılanmır.
İdmançılarımızın nəticələrini tənqid edənlər hesab edirlər ki, ölkəmizdə idman siyasətinə yenidən baxılmalıdır.
İdman eksperti Elmar Rza Redaktor.az-a açıqlamasında bildirdi ki, ilkin baxışda nəticələri qənaətbəxş adlandırmaq olar:
"İkisi qızıl olmaqla qazanılan 7 medal və 30-31-ci yerlər heç də pis deyil. Lakin çıxış etdiyimiz idman növlərinə ayrıca baxsaq, mənzərənin heç də ürəkaçan olmadığını görə bilərik. Burada yeganə müsbət məqam cüdoçularımızın adı ilə bağlıdır. Milli komandamızın əldə etdiyi 2 qızıl medalın hər ikisini cüdoçularımız aktivimizə yazdırdı.
Ən böyük məyusluğu isə güləşçilərimizin çıxışı ilə yaşadıq. Bildiyiniz kimi, güləş Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu olduğu idman növüdür. Paris Olimpiadasına da 12 bahadırımız qatılmışdı. Onların əldə etdiyi 3 medal heç də qəbulolunan nəticə deyil. 1996-cı ildən Atlantada başlayan güləşçilərimizin finala çıxmaq ənənəsi məhz Parisdə başa çatdı. Bu üç medaldan ikisinin legionerlərin əldə etməsi isə başqa bir düşündürücü məqamdır".
Ekspert bildirdi ki, Fransanın paytaxtına cəmi bir teakvondoçu ilə yollanmağımız mənfi hal olsa da, həmin idmançımızın - Qaşım Maqomedovun gümüş medala yiyələnməsi olduqca xoş sürpriz oldu:
"Boksa gəldikdə isə 5 boksçumuzun üçü elə ilk döyüşdəcə məğlub olaraq mübarizəni dayandırdı. Təkcə kubalı legionerimiz Alfonso Dominqes finala qədər irəliləməklə azarkeşləri sevindirdi. Tokioda da "bürünc"ə sevinən Alfonso Parisdə medalının əyarını "gümüş"ə dəyişməklə olimpiadalarda ən yaxşı nəticə göstərən boksçumuza çevrildi. Burada təəssüfləndirici məqam odur ki, boksçularımız ardıcıl 7 Olimpiya Oyunlarında fəxri kürsüdə yer alsa da, bu idmançıların böyük əksəriyyəti xaricdə yetişən idmançılarımız olub. Sonuncu dəfə Azərbaycan boks məktəbinin nümayəndəsi Pekin-2008-də medal əldə etmişdi.
Müqayisə üçün bildirim ki, boksda Azərbaycan kimi post-sovet ölkəsi olan Özbəkistan boksçuları Paris Yay Olimpiya Oyunlarında 5 qızıl medal qazanaraq möhtəşəm nəticəyə imza atdı. Özbəklər ümumilikdə 8 qızıl medal əldə etməklə ölkə idman tarixlərinin ən yaxşı performansı ilə yaddaşlara həkk olundular".
Elmar Rza qeyd etdi ki, Azərbaycan idmançıları Sidney-2000 və London-2012 Olimpiya Oyunlarında da Parisdə olduğu 2 dəfə himnimizi səsləndirməyə nail olmuşdu.
"Ötən bu müddət ərzində göstəricilərin yaxşılaşdırılmaması faktını da unutmamalıyıq. Ümumi götürsək, zədə, püşkatmadakı bəxtsizlik, potensialdan zəif çıxış etmə də nəticələrimizin belə alınmasına səbəblərdəndir. Lakin əsas səbəbin fiziki yetərsizlik, uyğun taktiki hazırlığın olmamasında görürəm. Doğrusu, bundan yaxşı nəticələr mümkün idi, lakin ümumi idmanımızın durumuna nəzər salsaq, bunu da şükürlü hesab etmək olar", - deyə idman eksperti bildirdi.
Sevinc İBRAHİMZADƏ