"İşimiz bir qədər çətindir, amma..." - Tanınmış şərhçidən "Qarabağ"ın bugünkü oyunu ilə bağlı PROQNOZ

 16:25 13.08.2024     338

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. "Qarabağ" səfərdə "Ludoqorets"ə qarşı mübarizə aparacaq. 

Azərbaycanda keçirilən oyunda (1:2) bolqarıstanlı oyunçuların necə kobud oynadığının şahidi olmuşduq. Bəs budəfəki oyundan gözləntilərimiz nədir?

Bu barədə idman şərhçisi Ramiz Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" komandasının evdəki görüş olduqca gözlənilməz nəticə ilə başa çatdı:

"Futbol ictimaiyyəti "Qarabağ"ın qalib gələcəyini gözləyirdi. Amma Avropada "Qarabağ"dan daha təcrübəli komanda hesab olunan, Çempionlar Liqasında keçirdiyi oyunlar baxımından, istər təsnifat mərhələsi, istərsə də qrup mərhələlərində daha təcrübəli kollektiv kimi diqqəti cəlb edən "Ludoqorest" paytaxtımızdan qələbə ilə ayrıldı. Əlbəttə ki, bu, heç də planlara daxil olan nəticə deyildi. Lakin biz ötən mövsümlərə baxanda "Qarabağ" komandasının həm mövsümə bir qədər aşağı tempdə başlamasının, həm də səfərdəki nəticələrinin daha uğurlu olmasının şahidi olmuşuq. Məsələn, "Ferentsvaroş" ilə, "Olimpiakos" ilə səfər qarşılaşmaları var ki, hər iki görüşdə "Qarabağ"ın əla oyun və mükəmməl qələbələrinin şahidi olmuşuq".

Ekspert ümid edir ki, bu dəfəki Bolqarıstan səfərində də komandamız inamlı qələbə ilə mərhələ adlayar. Lakin onun fikrincə, bu, o qədər asan olmayacaq:

"Paytaxtımızda keçirilən oyunda "Ludoqorets" komandasının həddindən artıq aqressiv, döyüşkən və bir qədər də kobud oyuna üstünlük verməsinin şahidi olmuşuq. Yəni "Qarabağ"a qarşı onların çox yaxşı hazırlaşdıqlarını qeyd etməliyəm. Çünki rəqib baş məşqçi və futbolçuları yaxşı analiz etmişdilər ki, "Qarabağ"ın oyunçuları əksər hallarda texniki bacarıqları yüksək olan, topla yaxşı rəftar etməyi bacaran futbolçulardır. Buna görə də onları dayandırmaq üçün maksimum yaxın və aqressiv oyuna üstünlük verdilər. Düzdür, səfərdəki oyunda onların necə oynayacaqlarını demək bir qədər çətindir, amma 2-1 hesablı qələbəni onların aktivində gördüyümüz kimi, onlar bu oyunda da daha etibarlı müdafiədən, hətta paytaxtımızdan daha çox ultra müdafiə futbolu ilə hesabı qorumağa çalışacaqlar ki, vəziyyəti qoruyub saxlaya bilsinlər, "Qarabağ"ın hücumlara atılmasına imkan verib, əks hücumda yaxalasınlar. Əlbəttə, bu mənada müdafiədə etibarlı oynamalıyıq. İşimiz bu baxımdan bir qədər çətindir. Amma rəqib baş məşqçi mətbuat konfransında əsas forvardlarının, əsas oyunçularının, Tekpeteyin olmayacağını qeyd edib. "Qarabağ" üçün bu amil bir qədər avantaj sayıla bilər".

Ramiz Mirzəzadə qeyd etdi ki, istənilən halda komandamızın Bolqarıstan səfərində yaxşı oyunla inamlı qələbə qazanacağına ümid böyükdür:

"İnanıram ki, "Qarabağ" növbəti dəfə Azərbaycan futbol səfərini möhtəşəm qələbə ilə sevindirəcək".

Sevinc İBRAHİMZADƏ