Fil Cons 32 yaşında karyerasını başa vurdu
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında karyerasını başa vurub.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, açıqlamasında məlumat verib.
“Təəssüf ki, bu, istədiyimdən daha tez başa çatdı”, - o, deyib.
Cons A lisenziyası aldığını və özünü məşqçi kimi sınamaq istədiyini bildirib. İngilis futbolçu “Mançester Yunayted”in U18 gənclər komandası ilə işləmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə forma geyindiyi “Mançester Yunayted” olub. Fill ötən yay klubla müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb. “Qırmızı şeytanlar”da forma geyindiyi müddət ərzində o, bütün turnirlərdə 229 matçda iştirak edib, altı qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 27 oyuna çıxıb.
Cons sonuncu dəfə 2 may 2022-ci ildə “Brentford” üzərində 3:0 hesablı qələbə qazandıqları matçda meydana çıxıb.