"Qarabağ" ÇL-nin qrup mərhələsi yolunda: "Qurban Qurbanov ehtiyat planı hazırlayıb"
Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Xorvatiyada "Dinamo" (Zaqreb) klubunun qonağı olacaq.
Bəs bugünkü oyundan gözləntilər nədir?
İdman eksperti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, o, Xorvatiyada ağır oyun olacağını gözləyir:
"Bu oyun həm qazanc, həm prestij baxımından, həm də UEFA Çempionlar Liqasının yeni formatı baxımından maraqlı olacaq. Bu formatda hər bir komanda oynamaq istəyər. "Qarabağ" da "Ludoqorets" ilə axırıncı oyundan sonra ümidlidir. Müqayisə etdikdə "Qarabağ"ın şans faizinin yetəri qədər olduğunu deyə bilərik, lakin Ağdam klubunda aparıcı futbolçuların zədəli olması komandanın bir növ ziyanınadır. Lakin Qurban Qurbanov illərin təcrübəsinə malikdir və düşünürəm ki, o, artıq ehtiyat planı hazırlayıb, rəqibin taktikasını və düşüncəsini analiz edib".
Ekspert qeyd etdi ki, rəqib çox güclüdür, böyük bir tarixi olan klubdur və oturuşmuş heyəti var.
"Rəqib komandaya yeni cəlb olunan oyunçular da özlərini doğruldurlar, adaptasiya prosesi yaxşı keçir. Başabaş mübarizə gedəcək, hər iki komanda iddialıdır. "Qarabağ" ötən mövsümkü uğurlarına görə özünə inamlıdır. Fikrimcə, hazırkı heyət səfərdə ən azından bərabərə qalmağa nail ola bilər".
"Maksimir" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.
Sevinc İBRAHİMZADƏ